Təqaüd proqramları haqqında bilməli olduğunuz nüanslar

0
153

Bakalavr təhsilini ölkəmizdə və ya xarici ölkədə başa vuran gənclərin bir çoxu, sevindirici haldır ki, magistr təhsili almaq istəyir və seçimlərdən bəziləri xarici ölkələrin təqaüdlü magistratura proqramları olur. Əlbəttə ki, akademik karyera qurmaq istəyənlər üçün xarici ölkələrin birində magistr təhsili yeni elmi biliklərə çatımlılıq baxımından yaxşı imkandır. Hal-hazırda magistratura təhsilini Türkiyədə təqaüdlə davam etdirən tələbə kimi təcrübə və biliklərimizi sizinlə bölüşmək istərdik

Təqaüd proqramlarını özünüz də qazana bilərsiniz!

Bu bənddə toxunmaq istədiyim sizin özgüvəninizdir. Bazarda bu işi sizin yerinizə etməyi külli miqdarda məbləğ qarşılığında öhdəsinə götürən şəxs və ya firmalara vaxt və pulunuzu sərf etməkdənsə, bu prosesi özünüz də yerinə yetirə bilərsiniz. Təqaüd proqramlarının tələbləri, ümumilikdə, bənzər olur, dil sertifikatı, akademik transkript, motivasiya məktubu, CV, tövsiyə məktubları. Sizin etməli olduğunuz tək şey, bu sənədləri toplayıb onlayn müraciət sisteminə və ya e-mail adresinə mesaj formasında yükləmək və ya poçtla vaxtında yollamaqdır.  Bazarda fəaliyyət göstərən belə firmalar sizin yerinizə təqaüdləri qazansa da, belə yolların bəziləri, təəssüf ki, leqal olmur; digər leqal təqaüd proqramları isə hər bir halda ictimaiyyətə açıqlandığı üçün, onlara özünüz də müraciət edə bilərsiniz.

Uyğun mənbələrdən istifadə edin!

Düzgün təqaüd proqramını tapmaq üçün, əlbəttə ki, ən düzgün mənbələrə müraciət etməlisiniz. Yanlış məlumat sizi gerçəklikdən uzaq proqramlara və gərəksiz vaxt itkisinə aparacaq.

Ən çox istifadə olunan saytlar:

http://scholarship-positions.com/

http://www.scholarshipportal.com/

http://www.scholarshipmonkey.com/

http://www.scholars4dev.com/

http://www.edu-active.com/

Bu saytlarda asanlıqla filtr edərək, istədiyiniz ölkə və ya ixtisasa uyğun təqaüdləri görə bilərsiniz. Axtarış saytlarından təqaüdlər haqqında tez-tez e-mail almaq istəyirsinizsə, saytda qeydiyyatdan keçməyi unutmayın. Yenə də, təqaüd axtararkən, oxumaq istədiyiniz universitetin saytındakı imkanları da nəzərdə saxlayın. Maraq göstərdiyiniz ölkələr üzrə, ayrıca təqaüd axtarış saytları ola bilər ki, onlardan istifadə etməyiniz məhdud dairədə daha sürətli və səmərəli axtarış üçün tövsiyə olunandır, məsələn, Almaniyada təhsil üçün DAAD proqramı, “https://www.study-in.de/en/” saytı və ya Türkiyədə təhsillə maraqlananlar üçün Türkiyə Bursları “http://turkiyeburslari.gov.tr/” məsləhətdir.

IELTS, TOEFL və s. dil biliyinizi göstərən nəticələrinizin rolu

Bəzi bakalavrların dediyi və gerçəkdə doğru olmayan bir bilgiyə görə, dil sertifikatınızdakı nəticəniz nə qədər yüksək olsa, təqaüd qazanmaq imkanınız o qədər yüksəkdir. Ancaq, bilməlisiniz ki, bu qətiyyən belə deyil. Dil sertifikatları, demək olar ki, bütün təqaüd proqramlarında ön şərt hesab olunur və siz bu şərtə cavab verməsəniz, müraciətiniz bir kənara qoyulur. Məsələn, TOEFL 100 bal həddində tələb qoyan təqaüd proqramı 99 ballıq TOEFL nəticəsinizə görə, əlbəttə ki, müraciətinizə baxmaya və sizi müsabiqədən kənar qoya bilər. Buna baxmayaraq, 105 ballıq TOEFL nəticəniz varsa, bu sizi rəqiblərinizdən üstün saymaz. Qoyulan həddi keçən namizədlər müsabiqənin növbəti mərhələləri üçün bərabər səviyyədə yarışırlar,çox hallarda motivasiya məktubu həlledici rol oynayır.

Proqramın tələblərinə diqqət edin!

Təqaüd proqramına rast gəlmisinizsə, proqramda “eligibility” hissəsində təqaüdün kimlərə verilə biləcəyi və “requirements” hissəsində nələr tələb olunduğunu nəzərdən keçirin. Ona görə ki, uyğun proqramı tapsanız belə, tələblərdən birini gözdən qaçırsanız və sonradan görsəniz, vaxt itkisi ilə üzləşmiş olacaqsınız. Xüsusilə, müraciət etdiyiniz təqaüd proqramının “merit-based” (akademik göstəricilərə görə ən yaxşılara verilən) yoxsa “need-based” (sosial ehtiyaclı şəxslərə verilən) kateqoriyasından hansına aid olduğunu dəqiqləşdirin. Çünki bu sizin motivasiya məktubunuzun yazılmasına təsir göstərəcək.  Məsləhətdir ki, təqaüd proqramlarını aşkar etdikdən sonra, tələblərinə cavab verdiyinizi düşündüyünüz proqramları ayrıca bir fayla siyahı şəklində toplamağınız və cədvəl quraraq, tələblər, son tarix, müraciət linki kimi əsas məlumatları qeyd etməyinizdir. Bu sizə vaxta qənaət etməyinizə və səmərəliliyi artırmağa yardım edəcək.

Deadline! Ölüm cizgisi!

Bundan həqiqətən qorxmaq lazımdır. Təqaüd proqramları haqqında yazının tən ortasına yerləşdirməyim də müraciət üçün son tarixlərin təqaüdlərin özündən vacib olduğunu bildirmək üçündür. Müraciətlərinizi nə olursa olsun, son günə saxlamayın. Sənədlərin tamlığından əmin olmaq üçün, prosesi mümkün qədər tez yekunlaşdırmağa çalışın. Hətta tövsiyə edərdim ki, proqrama müraciətlə bağlı ayrı-ayrı mərhələlər üçün özünüz üçün kiçik son tarixlər formalaşdırın və ən əsası, əməl edin.  Bəzi təqaüd proqramları müraciətləri yalnız poçtla qəbul edir. Belə olan halda, göndərəcəyiniz sənədlərin poçtla ünvanına çatım müddətini əvvəlcədən hesablamağınız və buna görə hərəkət etməyiniz arzuolunandır. Əks halda, son günlərdə göndərmə zamanı ikiqat, bəzən isə üçqat ödəniş edib sürətli poçt xidmətlərindən faydalanmalı olacaqsınız.

Universitetlə yazışmalarda səliqəli və mədəni olun!

Bu bənd haqqında çox detallara enməyə ehtiyac olmadığını düşünürük. Universitetin qəbul komissiyasına hər bir e-mailiniz dil baxımından düzgün, səliqəli və məktub formatına cavab verməlidir. Unutmayın ki, bəzi qəbul komissiyaları üçün mədəniyyətsiz yazı şəkliniz qəbuledilməz hesab oluna bilər və yaxud yüksək IELTS nəticəniz olsa belə, aşağı səviyyəli yazı mədəniyyətiniz hər şeyi korlaya bilər. Diqqətli olun!

Motivasiya!

Motivasiya məktubu barədə kifayət qədər məlumat tapmaq mümkündür. Nəzərinizdə olsun ki, bu məktub təqaüd qazanmağınızda birinci növbədə rol oynayır. Ona görə, bu mövzuya xüsusi ciddiyyətlə yanaşmağınız vacibdir.

CV-nizi lazımi bilik və bacarıqlarla zənginləşdirin!

Motivasiya məktubu ilə birlikdə CV-niz də təqaüd üçün həlledici ola bilər. Təqaüd proqramlarına müraciət zamanı diqqət etdiyim məsələ o idi ki, bir çox universitet qəbul üçün CV tələbi qoymasa da, qəbul aldıqdan sonra təqaüdə müraciət zamanı motivasiya məktubu və CV tələb edirdilər.  CV-nizi mütləq “ütüləyin”! Yəni CV-nizi müraciət etdiyiniz ixtisasa uyğunlaşdırın. Məsələn, Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura proqramına təqaüd üçün müraciət etmisinizsə, CV-nizdə hansısa sosial müəssisədə könüllülük fəaliyyəti kimi məlumatlar yorucu və lazımsız ola bilər. CV-niz tamamilə həmin ixtisas üzrə qatıldığınız tədbirlər, etdiyiniz çıxışlar və əgər varsa, mükafatlarınız və iş təcrübənizdən ibarət olmalıdır.

Heç vaxt təslim olma!

Gəldik ən sonuncu bəndə.Təqaüd proqramlarına müraciətlər və xüsusilə də, cavabları gözləmək çox yorucu prosesdir. Ancaq vacib olan bu ağır prosesdə hər zaman enerjili və motivasiyalı qalmaq və mümkün qədər çox təqaüd proqramı tapmaq və müraciət etməkdir.  Etiraf etməliyik ki, Azərbaycan tələbələri üçün imkanlar elə çox deyil; ancaq ki, var. Müraciətlər zamanı bəzi tanıdığım tələbələr müəyyən ölkələrdə maraqlı olmadığını və müraciət etmək istəmədiklərini deyirlər. Ancaq unutmayın ki, müraciətlər, demək olar ki, həmişə  pulsuz olur (bildiyim istisnalardan biri Niderlanddır) və siz müraciət etməklə əslində heç nə itirmirsiniz. Təqaüdü qazandıqdan sonra və ümid edək ki, bir neçə təqaüd imkanı qazandıqdan sonra, seçiminizi sərbəst edə bilərsiniz.

BONUS!

LSAC (Law School Admission Council) adlanan sistem vasitəsilə, Amerika universitetlərinin təqaüd imkanları ilə yaxından tanış ola bilərsiniz. Ancaq bu sistemin əsas üstünlüyü bu deyil. LSAC sizə imkan verir ki, saytda hesab yaradasınız və bütün sənədlərinizi ora yükləyəsiniz. Akademik transkripti poçtla Amerikaya yollamaq və orada təsdiqlətmək və poçt xərcləri kimi bir-iki prosedur üçün xərciniz çıxa bilər.  Çünki bu sistemdə olduqdan sonra, Amerikanın hüquq kolleclərinin əksəriyyəti sizin məlumatlarınızı asanlıqla görür və qəbul və təqaüd imkanları təklif edə bilirlər. Kolleclərə müraciətiniz də asanlaşır və hər birinə ayrılıqda tövsiyə məktubu, motivasiya məktubu kimi sənədlər hazırlamaq məcburiyyətindən sizi azad edir.

Link üçün: https://www.lsac.org/

Cavab yaz

Şərh bildirin
Adınız daxil edin