Bu insanın amerikalı olduğuna inanmayacaqsınız (VİDEO)

0
44

“TOYUMUN BAKIDA OLMASINI İSTƏYİRƏM”

“Azərbaycanda hər şeyə öyrəşmişəm, ancaq bircə bu yol gedəndə insanlarla toqquşmamaq üçün əldən-ayaqdan düşürəm. O yan, bu yana əyilirəm, yenə də alınmır. Amerikada piyadalar yolun sağ tərəfi ilə getməlidir. Biz buna öyrəşmişik. Ancaq Bakıda belə deyil, kim necə istəsə, elə də gedir. Mən də çaşbaş qalıram”.

Gülərüz müsahibim Marta bu sözləri yarızarafat, yarıciddi deyib, tərəvəz dükanına yaxınlaşır. Sonra yenidən mənə tərəf dönüb, sözünü davam etdirir:

“Sizin meyvələrin dadı əntiqədir, qiyməti isə çox ucuzdur”.

Bir kilo Quba alması, bir kilo Astara mandarini alıb, söhbətləşmək üçün kafeyə gedirik. Marta bir müddətdir ki, “Visions of Azerbaijan” jurnalı ilə əməkdaşlıq edir. O, Bakıya 8 il öncə Amerikadan köçüb. Azərbaycan dilində özünü səlis ifadə edə bilir. Hətta bu yaxınlarda Qazaxda iş yoldaşının toyunda saz çalıb, mahnı da oxuyub. Onun bu ifası sosial şəbəkələrdə böyük marağa səbəb olub.

MARTA AZƏRBAYCANA NECƏ GƏLİB?

“Allah mənim ürəyimə Azərbaycana qarşı bir sevgi qoyub” – deyir:

“Mən Allahı, Allah da Azərbaycanı çox sevir. Bunu hiss edə bilirəm. Bundan əlavə, bakalavr təhsilimi Rusiyada almışam. Dilçilik Universitetində oxuyan zaman Qafqaz millətləri ilə tanış olmağa başladım. Onların “ləzginka” oynaması, köhnə ənənələrə bağlılığı mənə çox maraqlı gəldi. Qafqaza vuruldum. Amerikaya döndükdən sonra araşdırmalara başladım. Qafqazda harada yaşaya bilərəm? Bundan sonra magistr təhsilimi Azərbaycanda almaq qərarı verdim. Beləliklə, Xəzər Universitetində təhsilimi davam etdirmək üçün Azərbaycana gəldim”.

“ÖZÜMÜ KÖRPƏ UŞAQ KİMİ HİSS ETDİM”

Marta deyir ki, daha öncə türk dilini bir az bilirmiş. Azca ruscası da varmış:

“Ancaq Azərbaycan dilində 10-15 sözdən çox nəsə bilmirdim. Bakıya köçəndən sonra çox gözəl bir ailə ilə qalmağa başladım. Əvvəllər nə onlar mənim dilimi, nə də mən onların dilini bilirdim. Fikrimizi jestlərlə, əl hərəkətləri ilə ifadə edirdik. İki həftə özümü körpə uşaq kimi hiss etdim. Ancaq sonradan Azərbaycan dilini çox tez öyrəndim”.

“EVƏ GİRMƏZDƏN ÖNCƏ AYAQQABINI ÇIXARMAQ LAZIM OLDUĞUNU BİLİRDİM”

Marta Azərbaycana gəlməzdən öncə ölkə barədə az məlumatlı olub. Deyir, təkcə müsəlman ölkəsi olduğunu bilirmiş:

“Amerikada olanda məhsəti türklərindən olan bir ailə ilə dostlaşmışdım. Onlar mənə necə oturmaq, necə davranmaq lazım olduğunu öyrətdi. Dedilər “bir az təvazökar olmalı, bir şey etməzdən öncə icazə almalısan”. Hə, bir də evə girəndə ayaqqabını soyunmaq lazım olduğunu da onlar demişdilər”.

“KİMİN NƏYİ VARSA, PAY VERİR”

Marta azərbaycanlıların bəzi xasiyyətlərini özünküləşdirib, çox sevir. Deyir, burada hər şey bölüşdürülür:

“Kimin nəyi varsa, pay verir. Bu pay sözünün nə olduğunu çox gec başa düşmüşəm. Məsələn, evdəkilər mürəbbə bişirir, tez 5-6 banka qonşulara pay verirdilər ki, qoxusunu duyublar, dadına baxsınlar. Bu, mənə çox maraqlı gəlib. Amerikada belə adətlər yoxdur”.

“XAŞDAN BAŞQA BÜTÜN YEMƏKLƏRİ SEVİRƏM”

Marta Azərbaycan yeməkləri içində xaşdan başqa hər şeyi yeyə bildiyini deyir:

“Anam da evdar qadındır. Ona görə elə də fərq görmədim. Yeməkləri ilk vaxtlardan çox sevmişəm. Dolmanı, aşı sevirəm. Qəşəng qutab, kətə bişirirlər. Dovğaya bir qədər gec öyrəşdim, mənə qəribə gəlirdi, ancaq indi sevərək yeyirəm. Bircə, xaş yeyə bilmirəm”.

“AZƏRBAYCAN GƏNCLƏRİ AZADLIQ GÖRMƏK ÜÇÜN AMERİKAYA GEDİR”

“Mənə elə gəlir ki, gənclərin çoxu sırf azadlıq görmək üçün Amerikaya getmək istəyirlər. Fikirləşirlər ki, orada ürəkləri istədikləri kimi geyinə, gəzib dolaşa biləcəklər. Ancaq sonrasını düşünmürlər. İnsan problemi olanda onu kiminsə itirib, axtarmasını, kiminsə ona dəstək olmasını istəyir. Mən bunu Azərbaycanda gördüm. Kimin problemi olsa, hamı çalışır ki, bir köməklik etsin. Məsələn, götürək elə yas yerlərini. Amerikada yas bir gün olur, vəssalam. Hamı gedir işinə, elə bil heç nə olmayıb. Bu, psixoloji baxımdan çox çətindir. Ancaq burada üçü, yeddisi, qırxı var. Hamı yığışır, kömək edir. Bu cəhətdən Azərbaycan mədəniyyətindən çox xoşum gəlir” – deyir, Marta.

“MƏDƏNİYYƏT, ADƏT-ƏNƏNƏLƏR DƏ İTİB BATMIR, FORMALAŞIR”

Marta hətta azərbaycanlıların bir-birinə məsləhət verib, ağıl öyrətmələrini də çox sevir. Deyir, bu, ona xoş gəlir:

“Bir-birlərinin fikirlərini nəzərə aldıqları üçün təqribi eyni qaydada gedirlər. Mədəniyyət, adət-ənənələr də itib batmır, formalaşır. Burada daha çox ünsiyyətə fikir verilir. Amerikada qonşu bizə gəlmək istəsə, gərək qabaqcadan zəng vursun, vaxtımız olub-olmadığını soruşsun. Biz də deyirik ki, bu gün yox, sabah gəl. Ancaq burada belə deyil. Məsələn, mən Amerikaya gedəndə çoxlarından inciyirəm. Deyirəm, 1 ildir ki, burada yoxam, zəng vururam görüşməyə, deyirsiz, “gələn həftənin 4-cü günü gələrsən”. Adam pis olur, axı. Burada hamı dəvət edir. Bilmirəm, bəlkə də səmimi deyillər. Amma bu, mənə dəyərli gəlir”.

“BİZDƏ DƏ QISQANCLIQLAR OLUR VƏ BU, MƏNƏ XOŞ GƏLİR”

Marta özünə uyğun azərbaycanlı oğlan olsa, onunla evlənməyi də düşünürmüş. Deyir, İsa Məsihi, Allahı çox sevir, gərək o da sevsin, onu, ailəsini başa düşə bilsin:

“Ən əsası, xasiyyətimiz üst-üstə düşsün. Burada olduğum 8 il müddətində belə bir adamla qarşılaşmadım. Axır ki, qabağıma bir amerikalı çıxdı. İndi nişanlanmışıq. Ötən həftə kanalların birində canlı verilişin qonağı idim. Nişanlım verilişi Amerikadan izləyib. Görüb ki, efirdə oynayıram. Tez mənə yazdı ki, səninlə oynayan o oğlan kimdir? Verilişin aparıcısını nəzərdə tutmuşdu. Bizdə də qısqanclıqlar olur və bu, mənə xoş gəlir. Qədərincə olanda yaxşıdır”.

“TOYU BURADA ETMƏSƏM, AYIB OLAR”

 Marta toyunun Bakıda olmasını istəyir. Deyir, nişanlısı da onunla razıdır:

“Məncə, ona maraqlı gələr. Mənsə 8 ildir buradayam və Bakı evim kimidir. Qaldığım ailə mənə daha doğmadır, nəinki evdəkilər. Onlar böyük bir nəsildir və hər birini çox sevirəm. Dostlarım, iş yerim buradadır. Məncə, toyu burada etməsəm, ayıb olar. Evlənəndən sonra da burada yaşamaq xoş olar. Ancaq ortaq qərar verməliyik. Bunu özüm də maraqla gözləyirəm”.

Mənbə: qafqazinfo.az

Cavab yaz

Şərh bildirin
Adınız daxil edin